Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 4-cü turu çərçivəsində “İstanbulspor”la qarşılaşıb.
Doğma meydanda baş tutan qarşılaşma Renatın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Renat bu görüşün ilk dəqiqələrindən sonadək meydanda olub. Komandasının ilk qolunu da Dadaşov vurub. O, 39-cu dəqiqədə vurduğu qolla matçda hesabı açıb. Azərbaycanlı hücumçu 69-cu dəqiqədə sarı vərəqə də alıb.
“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə sonadək ehtiyatda qalıb.
“Ankaragücü” 4 turdan sonra 6 xalla 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 4 oyuna çıxıb və 2 qol vurub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.
Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.