Renat Dadaşov 69, Coşqun Diniyev 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 21-ci turu çərçivəsində “Ərzurumspor”la qarşılaşıb.

Ankara təmsilçisi doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Renat qarşılaşmaya start heyətdə başlayıb və 69-cu dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib. Cari mövsümdə 2 qol və 1 məhsuldar ötürmə müəllifi olan azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib. Onun komandası isə 70-ci dəqiqədə buraxdığı ikinci qol nəticəsində xalsız qalıb.

“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 18 yaşlı Həsən Nəzərov isə bu matçın iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə də daxil edilməyib.

“Ankaragücü” 21 turdan sonra 30 xalla 20 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Futbolçularımızın komandası 21 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 4 oyun keçirib.

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev isə Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb. Bu komanda 21-ci tur çərçivəsində “Keçiörengücü”nü qəbul edib və 1:2 hesabıyla uduzub. Diniyev bu oyunda 90 dəqiqə meydanda olub.

Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 19 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Bandırmaspor” 34 xalla Birinci Liqanın yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. Futbolçumuzun komandası geridə qalmış turlarda 9 qələbə, 7 heç-heçə və 5 heç-heçə görüb.

Vüsal İsgəndərli ehtiyatda qaldı

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Gənclərbirliyi” ilə üz-üzə gəlib və 0:2 hesabıyla uduzub. Vüsal bu oyunda sonadək ehtiyatda qalıb.

Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 23 matça çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

“Boluspor” 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Vüsalın komandası 21 oyunda 9 qələbə, 4 heç-heçə, 8 məğlubiyyət görüb.

Xəbəri istədiklərinizlə paylaşın