Renat Dadaşov ardıcıl 2-ci, cari mövsümdə 3-cü qolunu vurdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 5-ci turu çərçivəsində “Syon”la qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə səfərdə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 2:2. 22-ci dəqiqədə qapısından qol buraxan futbolçumuzun komandası 56 və 63-cü dəqiqələrdə ardıcıl iki qol vurmaqla oyunda dönüş yaradıb. Bunda rəqibin 54-cü dəqiqədə azlıqda qalması da böyük rol oynayıb. Lakin meydan sahibləri azlıqda qalmalarına baxmayaraq, 67-ci dəqiqədə bərabərlik qoluna imza atıblar.

Renat Dadaşov bu görüşün 46-cı dəqiqəsində meydana buraxılıb. Komandasının ikinci qolunu da məhz millimizin hücumçusu vurub. Bu, onun ardıcıl ikinci, cari mövsümdə isə üçüncü qoludur.

“Qrasshopper” hazırda 9 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.