Renat Dadaşov “Braqa”ya qol vurdu, “Tondela” yenə uduzdu

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 6-cı turu çərçivəsində “Braqa” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Tondela” bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Renat 79-cu dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da millimizin sabiq forvardı vurub. O, 86-cı dəqiqədə rəqib qapısına yol tapıb.

“Tondela” 6 turdan sonra 3 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.