Renat Dadaşov bu gün “Hatayspor”a kömək edə bilməyəcək

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasının bugünkü oyununu buraxacaq.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində “Antalyaspor”la qarşılaşacaq.

“Hatayspor” bu rəqiblə doğma meydanda üz-üzə gələcək. Qarşılaşmaya Bakı vaxtilə saat 21:00-da start veriləcək. Renat sarı vərəqə limitini doldurduğu üçün cəzalı durumda olduğundan bu oyunu buraxmalı olacaq.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 13 turdan sonra 17 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 9 oyun keçirib və 4 qol vurub.