Renat Dadaşov: “Debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Radomyak” klubundakı uğurlu debütündən danışıb.

Arena.az xəbər verir ki, o, bununla bağlı “İnstagram” hesabında paylaşım edib:

“Bu möhtəşəm klubda debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm. Üç xal qazanmaq istəyirdik. Buna nail ola bilməsək də, çalışmağa davam edəcəyik və diqqətimizi növbəti oyuna yönəldəcəyik”.

Xatırladaq ki, Radom təmsilçisi ötən gecə Polşa çempionatının 23-cü turu çərçivəsində doğma meydanda “Vidzev”lə qarşılaşıb. Digər azərbaycanlı futbolçu – Rahil Məmmədovun da formasını geyindiyi “Radomyak” bu matçın 14-cü dəqiqəsində məğlub duruma düşsə də, son dəqiqələrdə bərabərlik qolunu vurmağı bacarıb. Renat bu görüşün 80-ci dəqiqəsində meydana buraxılıb. Komandasının yeganə qolunu da Dadaşov vurub. O, debüt matçının 90-cı dəqiqəsində fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib.

Renatdan fərqli olaraq, Rahil bu görüşün iştirakçısı olmayıb. Mərkəz müdafiəçisinin adı bu matçın iştirak ərizəsinə də daxil edilməyib.

Renat “Radomyak”a bir neçə gün öncə Türkiyənin “Ankaragücü” klubundan azad agent kimi keçib. 25 yaşlı futbolçu ilə bu ilin yayına qədər müqavilə imzalanıb. Polşalılar sözləşmənin müddətini sonradan uzatmaq hüququna malikdirlər.

Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçmişdi. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 34 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

“Radomyak” Polşa çempionatında geridə qalmış 23 turdan sonra topladığı 25 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. “Radomyak” 23 oyunda 7 qələbə qazanıb, 4 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.