Renat Dadaşov: “Hədəfimiz Super Liqaya vəsiqə qazanmaqdır”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubu ilə hədəflərindən danışıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu komanda yoldaşları ilə birlikdə bir məqsəd üçün mübarizə aparacaqlarını bildirib:

“Şanlıurfaspor”la ilk turun matçında (2:0) qol vurmaq mənə ruh yüksəliyi verdi. Bütün diqqətimizi “Ərzurumspor”a qarşı növbəti görüşə yönəldəcəyik. Bu oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Hədəfimiz yenidən Super Liqaya vəsiqə qazanmaqdır. Birlikdə bu məqsəd üçün mübarizə aparacağıq”.

Azərbaycanlı forvard Birinci Liqa təmsilçisinə keçidi barədə də danışıb: “Ankaragücü” böyük klubdur. Şəhər də çox gözəldir. Bütün bunlar buraya gəlməyimə səbəb oldu”.

Xatırladaq ki, Renat Dadaşov avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Onun yeni komandasında debütü də uğurlu alınıb. Belə ki, yeni mövsümün ilk turunda “Şanlıurfaspor”la qarşılaşan Ankara təmsilçisinin 2:0 hesablı qələbəyə sevindiyi oyunda qollardan birini məhz azərbaycanlı hücumçu vurub.

Xatırladaq ki, “Ankaragücü” ötən mövsümü Türkiyə Super Liqasında keçirib. Amma komanda keçirdiyi 38 oyunda 40 xal topladığı üçün 20 iştirakçı arasında 17-ci yeri tutub və TFF 1-ci Liqaya düşüb. Renatın yeni komandası qarşıdakı mövsümdə yenidən Super Liqaya qayıtmaq üçün mübarizə aparacaq.

Dadaşov 2022-ci ilin iyul ayından İsveçrənin “Qrasshopper” klubunda çıxış edirdi. Renat ötən mövsümü isə Türkiyənin “Hatayspor” klubunda icarədə keçirib. Türkiyə klubu onu ötən ilin yayında 2023/2024 mövsümünün sonuna kimi satınalma şərti ilə icarəyə götürmüşdü. Dadaşov Hatay təmsilçisində mövsüm ərzində 32 oyun keçirib və 6 qol vurub.

Renat karyerası ərzində “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Vulverhempton” (U-21), “Ayntraxt” (U-19), “Leypsiq” (U-19, U-17) kimi komandalarda da oynayıb.

Almaniyanın U-16 və U-17 yığmalarında da oynamış Dadaşov, 2017-ci ildə Azərbaycanın U-21 yığmasında 2 oyun keçirib. Elə həmin ilin sentyabrında əsas millimizdə debüt edən hücumçu indiyə qədər yığmamızda 30 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xəbəri istədiklərinizlə paylaşın