Renat Dadaşov iki Super Liqa klubunun hədəfində

Son mövsümü İsveçrənin “Qrasshopper” klubunda keçirən Azərbaycan millisinin forvardı Renat Dadaşov bu yay iş yerini dəyişə bilər.

Arena.az-ın əldə etdiyi məlumata görə, Renatın xidmətində Türkiyənin iki Super Liqa klubu maraqlıdır.

Bunlar “Trabzonspor” və “Alanyaspor”dur. Qara dəniz təmsilçisi hələ futbolçunun özü ilə təmasa keçməyibsə, Alanya təmsilçisi Dadaşova agenti vasitəsi ilə təklif göndərib.

Xatırladaq ki, Renat Dadaşov “Qrasshopper”ə 2022-ci ilin iyul ayında İngiltərənin “Vulverhempton” klubundan ayrılaraq keçib. Onun bu klubla müqaviləsinin müddəti 2024-cü ilin yayındadır. Sözləşmədə gələn mövsümün sonunda müddətin daha bir artırılması ilə də bağlı şərt var.

“Qrasshopper” İsveçrə çempionatında 2022/2023 mövsümünü 44 xalla 10 kollektiv arasında 7-ci pillədə başa vurub. Dadaşov isə meydana çıxdığı 34 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə və 11 sarı vərəqə müəllifi olub. O, İsveçrə kuboku çərçivəsində də 1 matça çıxıb, 1 qol və 1 “sarı” ilə yadda qalıb.

Dadaşov daha öncə “Tondela” (37 oyun, 3 qol, 2 assist), “Eştoril” (27 oyun, 4 qol), “Pasuş de Ferreyra” (9 oyun, 1 qol, 1 assist) kimi komandalarda da oynayıb. O, Azərbaycan milli komandasında da 21 oyuna çıxıb, 1 qol vurub.

Ötən mövsüm Türkiyə Super Liqasının qalibi olmuş “Trabzonspor” bu mövsümün başa çatmasına 2 tur qalmış 54 xalla 6-cı sırada qərarlaşıb. “Alanyaspor” isə 41 xalla 11-cidir.