Renat Dadaşov “Konyaspor”a qarşı 19 dəqiqə oynadı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində “Konyaspor”la qarşılaşıb.

“Hatayspor” bu rəqiblə səfər oyunundan məğlubiyyətlə ayrılıb – 0:2. Hataylılar 52-ci və 56-cı dəqiqələrdə buraxılan qollarla xalsız qalıblar.

Dadaşov bu oyunun 71-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş hücumçu bu dəfə fərqlənə bilməyib.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 27 turdan sonra 29 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 27 oyunda 6 qələbə qazanıb, 11 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 23 oyun keçirib və 4 qol vurub.