Renat Dadaşov oynadı, Həsən Nəzərovla Vüsal İsgəndərli…

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 18-ci turu çərçivəsində “Keçiörengücü” ilə qarşılaşıb.

Ankara təmsilçisi doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0. Renat qarşılaşmanın 67-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 2 qol və 1 məhsuldar ötürmə müəllifi olan azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə sonadək ehtiyatda qalıb.

“Ankaragücü” 18 turdan sonra 27 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Futbolçularımızın komandası 18 oyunda 8 qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 13 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 3 oyun keçirib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” da bu gün növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Yeni Malatyaspor”la üz-üzə gəlib və 4:2 hesabıyla qələbə qazanıb. Vüsal bu oyunun sonunadək ehtiyatda qalıb.

Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 20 matça çıxıb, hələ məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Boluspor” 25 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Vüsalın komandası 18 oyunda 7 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət görüb.