Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya kubokunun yarımfinal mərhələsi çərçivəsində “Mafra” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydandakı qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılmışdı. Səfərdəki oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Renat bu görüşə start heyətdə başlayıb. Millimizin hücumçusu 55-ci dəqiqədə əvəzlənib.
Beləliklə, “Tondela” Portuqaliya kubokunun finalına vəsiqə qazanıb. Dadaşovun komandasının həlledici oyundakı rəqibi “Portu” və ya “Sportinq” olacaq. Sözügedən komandaların ilk qarşılaşması “Portu”nun 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Cavab görüş aprelin 21-də keçiriləcək. Kubokun final qarşılaşması isə mayın 22-də təşkil olunacaq.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


