Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası – “Hatayspor” bu gün növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində “Antalyaspor”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Məhsuldar alınan qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.
Dadaşov sarı vərəqə limitini doldurduğu üçün cəzalı durumda olduğundan bu oyunu buraxıb.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 14 turdan sonra 18 xalla 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 9 oyun keçirib və 4 qol vurub.