Renat Dadaşov rəsmən Polşa klubunda!

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bundan sonra karyerasını Polşanın “Radomyak” klubunda davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə Radom təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

25 yaşlı futbolçu ilə bu ilin yayına qədər müqavilə imzalanıb. Polşalılar sözləşmənin müddətini sonradan uzatmaq hüququna malikdirlər.

Qeyd edək ki, “Radomyak”da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir. O, cari mövsümün əvvəlində qoşulduğu Polşa klubunun heyətində 14 oyuna çıxıb.

“Radomyak” Polşa çempionatında geridə qalmış 22 turdan sonra topladığı 24 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. “Radomyak” 22 oyunda 7 qələbə qazanıb, 3 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Renat Dadaşova gəlincə, millimizin üzvü cari mövsümün əvvəlindən Türkiyənin “Ankaragücü” klubunun şərəfini qoruyurdu. Lakin bir müddət əvvəl onun əsas komandadan kənarlaşdırıldığı və transferə çıxarıldığı barədə xəbərlər yayılmağa başlamışdı. Hücumçunun Ankara təmsilçisinin son oyunlarında iştirak etməməsi də deyilənlərin əsassız olmadığını göstərirdi. Bir neçə gün öncə isə Türkiyə mətbuatı Renatın “Ankaragücü” ilə müqaviləsini ləğv etdiyi barədə məlumat yayılmışdı. Amma Türkiyə klubu bu barədə heç bir rəsmi açıqlama verməmişdi.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçmişdi. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 34 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Yeri gəlmişkən, “Radomyak” Fransanın “Oser” klubunun mərakeşli mərkəz müdafiəçisi Saad Aquzulu da heyətinə qatıb. Polşa klubu 27 yaşlı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb.

Saad Aquzul Mərakeşin “Kavkab” klubunun yetirməsidir. “Lill”, “Muskron”, “Soşo” kimi klublarda da forma geyinmiş müdafiəçi 2023-cü ildə qoşulduğu “Oser”in heyətində cəmi 17 oyuna çıxıb. O, Mərakeşin U-23 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri istədiklərinizlə paylaşın