Renat Dadaşov sıraya döndü, ilk məşqə çıxdı

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində məşqlərə start verib.

Arena.az xəbər verir ki, o, komandanın bugünkü hazırlığında iştirak edib.

Oktyabrın 21-də əməliyyat olunmuş 25 yaşlı futbolçu Azərbaycan millisinin UEFA Millətlər Liqası çərçivəsində Estoniya və İsveçə qarşı oyunlarının heyətindən kənarda qalıb.

Qeyd edək ki, Renat Dadaşovun komandası Türkiyə Birinci Liqasının 13-cü turunda Ankara derbisində “Gənclərbirliyi” ilə qarşılaşacaq.

“Ankaragücü” bu mövsüm Birinci Liqada keçirdiyi 9 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Renatın komandası 13 xalla 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib. Renat karyerası ərzində “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Vulverhempton” (U-21), “Ayntraxt” (U-19), “Leypsiq” (U-19, U-17) kimi komandalarda da oynayıb.

Almaniyanın U-16 və U-17 yığmalarında da oynamış Dadaşov, 2017-ci ildə Azərbaycanın U-21 yığmasında 2 oyun keçirib. Elə həmin ilin sentyabrında əsas millimizdə debüt edən hücumçu indiyə qədər yığmamızda 34 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xəbəri istədiklərinizlə paylaşın