Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyə Super Liqasında 8-ci turun ən yaxşı oyunçusu adına namizəddir.
Arena.az xəbər verir ki, “Hatayspor”un hücumçusu “Yeniaçık” nəşrinin müəyyənləşdirdiyi 4 iddiaçı sırasında yer alıb.
Ötən gün baş tutan “Konyaspor”la görüşdə dubla imza atan 24 yaşlı forvardın rəqibləri “Fənərbaxça”nın hücumçusu Edin Dzeko, “Qalatasaray”ın ön xətt oyunçusu Mauro İkardi və “Ankaragücü”nün yarımmüdafiəçisi Qarri Rodrigesdir. Səsvermə nəşrin “X” sosial şəbəkə hesabında azarkeşlər arasında aparılır.
Xatırladaq ki, 8-ci turda Mauro İkardi və Qarri Rodriges 1 qol, 1 məhsuldar ötürmə müəllifi olublar. Edin Dzeko isə 1 qolla yadda qalıb.
Yeri gəlmişkən, Dadaşov Türkiyə Super Liqasında 8-ci turun rəmzi komandasına düşüb. O, “SofaScore” nəşrinin versiyasına əsasən ən yaxşı 11 futbolçu arasında yer alıb:
Qapıçı: Uğurcan Çakır (“Trabzonspor”);
Müdafiəçilər: Uroş Radakoviç (“Ankaragücü”), Jerom Opoku (“Başakşəhər”), Davinson Sançes (“Qalatasaray”);
Yarımmüdafiəçilər: Gökcan Kaya (“Pendikspor”), Salih Uçan, Raşid Gezzal (hər ikisi “Beşiktaş”), Qarri Rodriges (“Ankaragücü”);
Hücumçular: Renat Dadaşov (“Hatayspor”), Mauro İkardi (“Qalatasaray”), Edin Dzeko (“Fənərbaxça”).
Xatırladaq ki, Dadaşov “Konyaspor”a doğma meydanda 3:1 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub. Bu, onun Super Liqa təmsilçisindəki ilk qollarıdır. “Hatayspor” hazırda 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Renat müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay klubunun heyətində 4 oyun keçirib və 2 qol vurub.