Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 25-ci turu çərçivəsində “Trabzonspor”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan məğlubiyyətlə ayrılıb – 0:2. Hataylılar 49 və 77-ci dəqiqələrdə buraxdıqları qollarla xalsız qalıblar.
Dadaşov bu oyunun 74-cü dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş hücumçu bu dəfə fərqlənə bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 25 turdan sonra 28 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 21 oyun keçirib və 4 qol vurub.


