Renat Dadaşov Türkiyə Liqasının ən dəyərli oyunçuları sırasında

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Türkiyə 1-ci Liqasının ən dəyərli futbolçuları arasında yer alıb.

Arena.az xəbər verir ki, Türkiyə 1-ci Liqasının ən dəyərli 100 futbolçusunun siyahısı açıqlanıb. Siyahıda “Ankaragücü” klubunda çıxış edən azərbaycanlı hücumçu da yer alıb.

Dəyəri 1,8 milyon avro olan 25 yaşlı forvard 4-cü pillədə qərarlaşıb.

Siyahıya Dadaşovun rumıniyalı komanda yoldaşı Olimpiu Morutan (3 milyon avro) başçılıq edir. Ankara təmsilçisinin digər oyunçusu Efkan Bəkiroğlu (2,2 milyon avro) ikinci, “Amedspor”dan Adama Traore (2 milyon avro) üçüncüdür.

Xatırladaq ki, Renat Dadaşov avqustun 8-də paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb. O, Ankara təmsilçisinin heyətində 3 oyuna çıxıb və 1 qol vurub.

“Ankaragücü” 3 turdan sonra 3 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Renat Almaniyada dünyaya göz açdığı üçün futbolçu karyerasının ilk illərində bu ölkənin müxtəlif klublarında (“Vehen”, “Leypsiq”, “Ayntraxt”) çıxış edib. Peşəkar karyerasına Portuqaliyanın “Eştoril” klubunda başlamış hücumçu 2019-cu ildə İngiltərənin “Vulverhempton” klubuna keçsə də, əsas komandada möhkəmlənə bilmədiyi üçün “Pasuş de Ferreyra”, “Qrasshopper” və “Tondela” kimi komandalara icarəyə verilib. 2022-ci ildə “Qrasshopper” onu tamhüququlu əsasda heyətinə qatıb. Ötən mövsüm isə Dadaşov icarə əsasında Türkiyə Super Liqasına mübarizə aparan “Hatayspor”da forma geyinib.

Almaniyanın U-16 və U-17, Azərbaycanın U-16 və U-21 yığmalarının formasını geyinmiş Rena, 2017-ci ildən əsas millimizdə çıxış edir. O, yığmamızın heyətində 30 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.