Renat Dadaşov üçün 1 saat, 1 “sarı” və 3 xal – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 6-cı turu çərçivəsində “Sakaryaspor”la qarşılaşıb.

Doğma meydanda baş tutan qarşılaşma Renatın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Renat bu görüşə start heyətdə başlasa da, 60-cı dəqiqədə əvəzlənib. O, 45+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə matçın iştirak ərizəsinə salınmayıb.

“Ankaragücü” 6 turdan sonra 9 xalla 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 6 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.

Yeri gəlmişkən, digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” da bu gün “Amedspor”un qonağı olub. Tərəflər yekunda meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər – 1:1. Vüsal bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.

“Boluspor” hazırda 6 xalla 16-cı sıradadır.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 17 matça çıxıb, fərqlənə bilməyib.