Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Radomyak” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Radom təmsilçisi bu gün Polşa çempionatının 2024/2025-ci illər mövsümünün 29-cu turu çərçivəsində səfərdə “Puşa” ilə qarşılaşıb.
Digər azərbaycanlı futbolçu – Rahil Məmmədovun da formasını geyindiyi “Radomyak” bu matçdan heç-heçə ilə ayrılıb – 2:2. Qonaqlar iki dəfə hesabda önə keçsələr də, bu üstünlüyü sonadək qoruya bilməyiblər.
Dadaşov bu matçın 65-ci dəqiqəsində meydana buraxılıb. Renatdan fərqli olaraq, Rahil bu görüşün iştirakçısı olmayıb. Mərkəz müdafiəçisinin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Xatırladaq ki, Renat Dadaşov “Radomyak”a bu ilin mart ayında Türkiyənin “Ankaragücü” klubundan azad agent kimi keçib. 25 yaşlı futbolçu ilə bu ilin yayına qədər müqavilə imzalanıb. Polşalılar sözləşmənin müddətini sonradan uzatmaq hüququna malikdirlər. O, “Radomyak”da keçirdiyi 7 oyunda 2 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçmişdi. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.
Renat Dadaşov karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 36 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Bu turu buraxmış Rahil Məmmədov isə 2024-cü ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılaraq “Radomyak”a keçib. 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 14 oyuna çıxıb.
Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 21 oyuna çıxıb.
“Radomyak” Polşa çempionatında geridə qalmış 29 turdan sonra topladığı 35 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. “Radomyak” 29 oyunda 10 qələbə qazanıb, 5 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.