Renat Dadaşov üçün 76 dəqiqə, bir assist, bir “sarı”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Radomyak” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Radom təmsilçisi bu gün Polşa çempionatının 2024/2025-ci illər mövsümünün 28-ci turu çərçivəsində səfərdə “Rakov”la qarşılaşıb.

Digər azərbaycanlı futbolçu – Rahil Məmmədovun da formasını geyindiyi “Radomyak” bu matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Dadaşov start heyətdə başladığı bu matçın 66-cı dəqiqəsində əvəzlənib. Renatdan fərqli olaraq, Rahil bu görüşün iştirakçısı olmayıb. Mərkəz müdafiəçisinin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Renat bu oyunda bir məhsuldar ötürmə və bir sarı vərəqə ilə diqqət mərkəzinə düşüb. Belə ki, millimizin üzvü 45+1-ci dəqiqədə xəbərdarlıq alıb. 52-ci dəqiqədə isə o, komandasının hesabı açmasına assistlə kömək edib. Amma sonradan iki qol buraxmış “Radomyak” səfərdən xalsız qayıdıb.

Xatırladaq ki, Renat Dadaşov “Radomyak”a bu ilin mart ayında Türkiyənin “Ankaragücü” klubundan azad agent kimi keçib. 25 yaşlı futbolçu ilə bu ilin yayına qədər müqavilə imzalanıb. Polşalılar sözləşmənin müddətini sonradan uzatmaq hüququna malikdirlər. O, “Radomyak”da keçirdiyi 6 oyunda 2 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçmişdi. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Renat Dadaşov karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 36 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Bu turu buraxmış Rahil Məmmədov isə 2024-cü ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılaraq “Radomyak”a keçib. 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 14 oyuna çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 21 oyuna çıxıb.

“Radomyak” Polşa çempionatında geridə qalmış 28 turdan sonra topladığı 34 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. “Radomyak” 28 oyunda 10 qələbə qazanıb, 4 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.