Renat Dadaşov üçün 93 dəqiqə, 1 asist, 1 “sarı”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının 35-ci turu çərçivəsində “Sankt-Qallen”lə qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 2:2.

Renat Dadaşov bu görüşə start heyətdə başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə 8 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib. Əvəzində o, komandasının 3-cü dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsinin müəllifi olub. 31-ci dəqiqədə isə azərbaycanlı futbolçunun özünün vurduğu qol qayda pozuntusu səbəbindən VAR tərəfindən ləğv olunub. 30-cu dəqiqədə isə Dadaşov sarı vərəqə ilə cəzalanıb.

“Qrasshopper” hazırda 44 xalla 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 33 oyuna 8 qol, 4 məhsuldar ötürmə və 10 sarı vərəqə var.