Renat Dadaşov və Coşqun Diniyev oynadılar, sevinən…

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 6-cı turu çərçivəsində “Bandırmaspor”la qarşılaşıb.

Hansı ki, bu komandanın da heyətində Azərbaycan yığmasının digər üzvü Coşqun Dinyev çıxış edir. Coşqunun komandası doğma meydanda qarşılaşdığı Ankara təmsilçisinə 2:0 hesabıyla qalib gəlib.

Coşqun bu görüşə start heyətdə başlasa da, 83-cü dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Renat isə qarşılaşmanın 59-cu dəqiqəsində meydana buraxılıb.

“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə sonadək ehtiyatda qalıb.

“Ankaragücü” 7 turdan sonra 9 xalla 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. “Bandırmaspor” isə 11 xalla 5-cidir.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 6 oyun keçirib və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Renat Dadaşov da bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 7 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.