Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 7-ci turu çərçivəsində “Famalikan” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Tondela” bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Renat komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Tondela”nın sonuncu və qələbə qolunu da millimizin forvardı vurub. O, 84-cü dəqiqədə rəqib qapısına yol tapıb, 86-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
Xatırladaq ki, Dadaşov ötən tur “Braqa” ilə oyunda da rəqib qapısına yol tapmağı bacarmışdı. Amma həmin oyunda “Tondela” 1:3 hesablı məğlubiyyətə üzülmüşdü.
“Tondela” 7 turdan sonra 6 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
Yeri gəlmişkən, Renat bu matçın ən yaxşı oyunçusu seçilib. Qarşılaşmadan sonra ona xüsusi mükafat təqdim olunub. Millimizin forvardı matçın ən yaxşı oyunçusu seçilməsi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama da verib. O, bunları söyləyib:
“Mənim üçün hər şeydən vacib olan komandamın uğurudur. Komanda yoldaşlarım olmasaydı, mən bu mükafatı qazana bilməzdim. Biz bu oyunda uğur qazanacağımıza sonadək inandıq. Əla kollektivimiz var. Biz bu oyunu birlikdə qazandıq. Bu mükafat da tək mənim yox, bütün komandanındır. Belə çətin bir həftədən sonra bu mükafatı qazanmaq bizim üçün çox vacibdir”.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.