Renat Şahruddinin komandası üzərində qələbəyə sevindi

Futbol üzrə Azərbaycan yığmasının üzvləri – Şahruddin Məhəmmədəliyevlə Renat Dadaşov Türkiyə Super Liqasında növbəti matçlarına çıxıblar.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular Super Liqanın 23-cü turunun “Adana Dəmirspor” – “Hatayspor” matçının iştirakçısı olublar.

Qarşılaşma Renatın formasını geyindiyi “Hatayspor”un 1:0 hesablı səfər qələbəsiylə yekunlaşıb. Şahruddin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dadaşovun komandası millimizin qapıçısını 44-cü dəqiqədə məyus edib. Daha doğrusu, onun öz komanda yoldaşı Nani avtoqol müəllifi olub. Renat da start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. O, 48-ci dəqiqədə sarı vərəqə də alıb.

23 turdan sonra 31 xalı olan “Adana Dəmirspor” 7-ci pillədə qərarlaşıb. “Hatayspor” isə 25 xalla 13-cüdür.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 18 oyun keçirib və 4 qol vurub.

Şahruddin Məhəmmədəliyev isə 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 11 matça çıxıb, 16 qol buraxıb, 2 “quru” matç keçirib.