Renatlı “Hatayspor” birini gətirdi, digəri ilə vidalaşdı

Türkiyənin “Başakşəhər” klubunun sol cinah müdafiəçisi Cemali Sertel Super Liqanın digər təmsilçisi “Hatayspor”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Hatay təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sözügedən klub 24 yaşlı müdafiəçini bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Cemali Sertel “Əskişəhərspor”un yetirməsidir. O, 2019-cu ilin yanvar ayında 500 min avro qarşılığında “Başakşəhər”ə keçib. Türkiyəli oyunçunun İstanbul klubu ilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi var. O, bu komandada indiyə qədər cəmi 27 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Əvəzində o, “Əskişəhərspor”da, həmçinin “Rizəspor” və “Antalyaspor” kimi klublarda icarədə də olub.

Türkiyənin U-19 və U-21 yığmalarında oynamış Cemali, əsas millidə debüt şansı qazanmayıb.

“Hatayspor” mərkəz müdafiəçisi Burak Bekaroğlu ilə də yollarını ayırıb. 26 yaşlı futbolçu azad agent kimi aşağı liqa təmsilçisi “Iğdır”a keçib.

Burak Bekaroğlu “Sakaryaspor”un yetirməsidir. Müdafiəçi “Hatayspor”dan öncə “Boluspor” və “Fatih Karagümrük”də də oynayıb. O, Hatay təmsilçisinin heyətində 20 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Hatay klubunun heyətində Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov da forma geyinir. Müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsus olan azərbaycanlı futbolçu Super Liqa təmsilçisində icarə əsasında çıxış edir. Dadaşov Türkiyə klubunun heyətində indiyə qədər 18 oyun keçirib və 4 qola imza atıb.