Renduliç: “İlk yarıda bərbad, ikinci hissədə mükəmməl idik”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 5-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna çox pis başladıq. Demək olar ki, ilk 15 dəqiqədə 2 qol buraxdıq. Nəyisə 100 faiz istəmirsənsə, nəticələr belə alınır. Həyatda da belədir. Rəqibin 2-ci qolundan sonra istədiyimiz kimi oynamağa başladıq. İkinci hissədə mükəmməl idik, 3 qol vurduq. Daha 3 qol vura bilərdik. İki fərqli hissə oldu. İlk yarıda çox bərbad, ikinci hissədə mükəmməl oyun sərgilədik. Bu gün 3 xala layiq idik.

“Bayquşlar”ın çalışdırıcısı komandanın müdafiə və hücum xəttində balans olmamasına dair sualı isə belə cavablandırıb:

“Rəqibin necə oynayacağını bilirdik. Buna qarşı hazırlaşmışdıq. Meydanda hər situasiyaya düzgün yanaşmaq lazımdır. Futbolçu gözləyir ki, komanda yoldaşım mənim yerimə hərəkət edəcək. Buna görə də 2 qol buraxdıq. Amma vaxtında başa düşdük ki, davranışımızı dəyişməliyik. Qarşıdakı matça belə yanaşsaq, qalib gələ bilməyəcəyik. Bu, bizim üçün yaxşı dərs oldu.

Krunoslav Renduliç qarşıdakı fasilənin onların xeyrinə olacağını düşünür: “Buraxdığımızdan daha çox qollar vurmuşuq. Bu, müdafiədəki məsuliyyətdən irəli gəlir. Nə qədər arxayın olsalar, qollar buraxacağıq. Müdafiəçilər oyuna daha yaxşı köklənməlidir. Süni örtükdə oynamaq asan deyil. Bütün komandalar təbii örtükdən süniyə keçəndə çətinlik yaşayır”.

“Komandada elə də böyük problem görmədim”

“Kəpəz”in məşqçisi Xaliq Mərdanov isə komandanın məğlubiyyətinə belə şərh verib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandanı 3 günə hazırlamışam. Bu müddət ərzində çox böyük iş görməmişik. Sadəcə, motivasiyanı qaldırmışıq. Əks-hücumda oynamağa çalışdıq. İstəyimizə nail olmuşduq. Sadəcə, üstünlüyümüzü sonadək qorumağa təcrübə çatmadı. Komandada elə də böyük problem görmədim. Futbolçularda bir az ruh düşkünlüyü var. Onlara bildirdim ki, özlərinə inanmalıdırlar. Bütün fubolçulardan razıyam. Hamı əlindən gələni etdi. Rəqib daha təcrübəli olduğu üçün bizi cəzalandırdı. Onların ustalıq səviyyəsi də bizdən üstün idi”.