Reynier Jezus yenə “Real”a lazım olmadı – Bu dəfə İtaliyaya getdi

Madrid “Real”ının braziliyalı hücumameyilli yarımmüdafiəçisi Reynier Jezus bundan sonra “Frozinone”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, İspaniya nəhəngi 21 yaşlı futbolçunu A Seriyası təmsilçisinə icarəyə verib.

“Flamenqo”nun yetirməsi olan Reynier Jezus “Real”a 2020-ci ildə 30 milyon avro qarşılığında transfer olunub. O, hələ Madrid təmsilçisinin əsas komandasında debüt şansı qazanmayıb. Çünki braziliyalı futbolçu əvvəlki mövsümlərdə “Borussiya” (Dortmund) və “Jirona”da da icarədə olub.

“Frozinone” Reynierdən başqa “Atalanta”nın mərkəz müdafiəçisi Kaleb Okolini də icarəyə götürüb. Əslən Nigeriyadan olan 22 yaşlı italiyalı futbolçu mövsümün sonuna kimi icarədə oynayacaq. Müdafiəçi daha öncə SPAL və “Kremoneze”də də icarədə olub. O, “Atalanta”nın əsas komandasında cəmi 17 oyun keçirib.

“Frozinone” “Spetsiya”nın dayaq yarımmüdafiəçisi Mehdi Burabiyanı da heyətinə qatıb. Mərakeş yığmasının da üzvü olan 32 yaşlı futbolçu ilə 1:1 illik müqavilə imzalanıb. Mərakeş millisində 8 oyun keçirmiş futbolçu “Sassuolo”, “Konyaspor”, “Levski” (Sofiya), “Çerno More”, “Lokomotiv” (Plovdiv), “Qrenobl” kimi klublarda da forma geyinib.

“Frozinone” üç futbolçusu ilə də yollarını ayırıb. 23 yaşlı italiyalı hücumçu Cennaro Borrelli icarə əsasında “Breşiya”ya keçib. 29 yaşlı italyan futbolçu, sağ cinah vingeri Luici Kanotto “Kozentsa”ya icarəyə verilib. Polşadan olan 29 yaşlı müdafiəçi Pşemıslav Şiminski də “Recciana”ya icarəyə göndərilib. Bu oyunçuların hamısı mövsümün sonuna kimi icarədə olacaqlar. Şiminski “Frozinone”də 92 oyuna 3 qol, 3 assistlə yadda qalıb. Kanotto bu komandada 37 oyun keçirib, 6 qola və 3 assistə imza atıb. Borrelli isə 25 oyunda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.