Son olaraq Rusiyanın “Ximki” klubunun formasını geyinmiş sol cinah vingeri Reziuan Mirzov bundan sonra “Neftçi”nin formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Azad agent statusuna malik 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək.
Reziuan Mirzov 2020-ci ilin oktyabrından formasını geyindiyi “Ximki”də 67 oyuna 14 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, sözügedən klubdan bu yay azad agent kimi ayrılmışdı.
“Neftçi”nin yeni transferi peşəkar karyerasına Nalçik “Spartak”ında başlayıb. Rusiyalı futbolçu “Zvezda” (Ryazan), “Torpedo” (Moskva), “Terek”, “Rostov”, “Tosno”, “Arsenal” (Tula), “Spartak” (Moskva) klublarında da forma geyinib. 2017/18 mövsümündə “Tosno” ilə Rusiya kubokunun qalibi olan Mirzov 2018/19 mövsümündə ölkə çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşüb.
Xatırladaq ki, “Neftçi” Mirzovdan öncə Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş, Qara Qarayev, Ervin Koffi, Andre Şinyaşiki, Aaron Olanare və Dieqo Valdesi də transfer etmişdi. İvan Brkiç, Emin Mahmudov və İsmayıl Zülfüqarlı ilə də yeni müqavilə imzalanıb.
Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik, Voyislav Stankoviç və Solomon Kvirkveliya isə komandanı tərk ediblər. Xəyal Nəcəfov da “Turan Tovuz”a icarəyə verilib.