“Neftçi”nin rusiyalı futbolçusu, sol vinger Reziuan Mirzov Azərbaycan klubundan ayrılaraq yenidən Rusiyaya qayıdıb.
Arena.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Ximki”yə keçib.
Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Mirzov “Neftçi”ni azad agent kimi tərk edib. Belə ki, rusiyalı futbolçunun “ağ-qaralar”la müqaviləsinin müddəti bu ayın sonuna kimi idi.
Mirzov daha əvvəl 2020-2023-cü illər aralığında “Ximki”də çıxış edib. O, 2023-cü ilin sentyabr ayında məhz “Ximki”dən ayrılaraq “Neftçi”yə keçmişdi.
30 yaşlı vinger “Neftçi”də 25 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 1 assistlə yadda qalıb. Mirzovun “Ximki” karyerası isə 67 oyun, 14 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
Reziuan Mirzov Rusiyanın “Spartak-Nalçik” (2012-2013), “Spartak” (Kostroma, 2013), “Zvezda” (Ryazan, 2013), “Torpedo” (Moskva, 2014-2015), “Terek” (2015-2017), “Rostov” (2017-2019), “Tosno” (2017-2018), “Arsenal” (Tula, 2018-2019) və “Spartak” (Moskva, 2019-2022) və klublarında da çıxış edib. 2017/18 mövsümündə “Tosno” ilə Rusiya kubokunun qalibi olan Mirzov 2018/19 mövsümündə ölkə çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşüb.
Xatırladaq ki, “Neftçi” bu yay Ömər Buludov (“Araz-Naxçıvan”), Rüfət Abbasov (“Şamaxı”), Turan Vəlizadə (“Araz-Naxçıvan”) və Eddi İsrafilovla da yollarını ayırmışdı.