Riçard Almeyda 250-yə çatdı, “Qarabağ” rekordunu təkrarladı

Azərbaycan Premyer Liqasının 33-cü turunun “Qəbələ” ilə ev oyunu “Qarabağ” və yarımmüdafiəçisi Riçard Almeyda üçün əlamətdar olub. Arena.az xəbər verir ki, Almeyda Azərbaycan çempionatında 250-ci oyununu keçirib.

Braziliya futbolunun yetirməsi “Qəbələ” ilə ev oyununun gedişində meydana daxil olub. Ağdam klubu bu görüşdə 3:0 hesabı ilə qalib gəlib.

Riçard Almeyda Azərbaycan Premyer Liqasında 2012/13 mövsümündə debüt edib. Ölkə çempionatının 11 mövsümündə iştirak edən yarımmüdafiəçi 250 matçda 46 qola imza atıb.

O, bu müddətdə iki klubun formasını geyinib. Almeyda “Qarabağ”da 230, “Zirə”də 20 dəfə şans qazanıb. Orta sahə oyunçusu bütün qollarını Ağdam klubunun heyətində vurub.

“Qarabağ” isə Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə 26-cı qələbəsini qazanıb. Qurban Qurbanovun yetirmələri 33-cü tur çərçivəsində qarşılaşdıqları “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gəliblər. Bununla da “Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.

Bölgə təmsilçisi ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015/16 mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da rəqiblərini məğlub edən “Qarabağ” 7 ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir. Ağdamlılar son üç turda müvafiq olaraq “Səbail”, “Sumqayıt” və “Turan Tovuz”la qarşılaşacaqlar.

Qeyd edək ki, bir mövsümdəki qələbə sayında Azərbaycan çempionatlarının rekordu 1992-ci ildə qeydə alınıb. “Neftçi” həmin vaxt 36 oyunda 30 dəfə qalib gəlib.

Xəbəri sosial şəbəkələrdə paylaş: