“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda futbol üzrə Azərbaycan Premyer Liqasındakı penalti sayını 25-ə çatdırıb. Arena.az xəbər verir ki, Ağdam klubunun əslən Braziliyadan olan futbolçusu buna ölkə çempionatının 30-cu turunda nail olub.
O, “Sabah”la görüşdə (1:2) 11 metrlik nöqtədən dəqiq zərbə endirib. Bu, Almeydanın Azərbaycan çempionatlarında penaltidən 23-cü qolu olub. O, digər iki imkanı qaçırıb.
Xatırladaq ki, Almeyda XXI əsrdə Azərbaycan çempionatında ən çox penalti vuran oyunçudur.
Riçard Almeyda “Qarabağ”da indiyə qədər 323 oyun keçirib. 34 yaşlı futbolçu bu oyunlarda 57 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Jil Visente”, “Zirə”, “Astana”, “Baniyas” və “Santo Andre” kimi klubların da fromasını geyinib. Yarımmüdafiəçi Azərbaycan milli komandasında da 31 matça çıxıb, 3 qola imza atıb.


