Riçard Almeyda qaldı, Adama Diakabi göndərildi – Rəsmi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” dayaq yarımmüdafiəçisi Riçard Almeyda ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni müqaviləyə əsasən, əslən Braziliyadan olan milliləşdirilmiş yarımmüdafiəçi daha bir il Ağdam klubunda çıxış edəcək. 34 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti bu yay başa çatırdı.

Xatırladaq ki, Riçard Almeyda daha öncə 2012-2019-cu illərdə “köhlən atlar”ın şərəfini qoruyub. O, 2018/19 mövsümündə qısa müddət Qazaxıstanın “Astana” klubunda çıxış etsə də, yenidən Ağdam klubuna qayıdıb. 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubuna transfer olunan yarımmüdafiəçi elə həmin il Azərbaycana qayıdaraq “Zirə” ilə müqavilə bağlamışdı. 2021-ci ilin avqustunda “Zirə”dən ayrılan Almeyda yenidən “Qarabağ”la müqavilə bağlamışdı.

Riçard Almeyda “Qarabağ”la 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Yarımmüdafiəçi bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub. Almeyda Ağdam klubunda bütövlükdə 348 oyuna çıxıb. O, bu görüşlərdə 60 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycan millisində də çıxış etmiş futbolçu, karyerası ərzində “Santo Andre” və “Jil Visente” kimi klublarda da çıxış edib. Riçard milli komandamızda 31 oyun keçirib, 3 qol vurub. O, 2023-cü ilin yayında Azərbaycan yığmasındakı karyerasını başa vurduğunu açıqlamışdı.

Yeri gəlmişkən, “Qarabağ” əslən Seneqaldan olan fransalı sağ vingeri Adama Diakabi ilə də yollarını ayırdığını açıqlayıb. Klubun rəsmi saytının yaydığı xəbərdə bildirilir ki, 28 yaşlı futbolçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.

“Qarabağ” Diakabiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: