Riçard Almeyda “Qarabağ”ı tərk etdi

Futbol üzrə Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi, əslən Braziliyadan olan Riçard Almeyda “Qarabağ”dan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 35 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2012-ci ildən “Qarabağ”da çıxış edən Riçard iki dəfə bu klubdan ayrılmasına rəğmən, yenidən Ağdam təmsilçisinə qayıdıb. Belə ki, o, 2012-2018, 2019 və 2021-2025-ci illərdə bu komandanın uğurları üçün çalışıb. Almeyda Azərbaycan çempionunun heyətində meydana çıxdığı 376 oyunda 64 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Almeyda Azərbaycan Premyer Liqasında 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubu ilə 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi 2020-2021-ci illərdə Azərbaycanın digər təmsilçisi “Zirə”də də çıxış edib. O, qəsəbə təmsilçisinin heyətində də 23 oyuna 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Almeyda karyerası ərzində “Jil Visente”, “Astana”, “Baniyas” və “Santo Andre” kimi klubların da şərəfini qoruyub.

Riçard Almeyda 2017-2023-cü illərdə Azərbaycan milli komandasının da şərəfini qoruyub. O, millimizin heyətində meydana çıxdığı 31 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Qarabağ” Riçard Almeydaya bu kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Sonda onu da xatırladaq ki, hazırda 35 yaşı olan Riçard Almeydanın “Qarabağ”ı başqa klubda keçmək və ya karyerasını bitirmək istədiyi üçün tərk etdiyi hələ dəqiq deyil.

Xəbəri sosial şəbəkələrdə paylaş: