Riçard Almeyda üçün Premyer Liqamızda 50-ci qol

Son ölkə çempionu “Qarabağ”ın təcrübəli yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Arena.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubiley topu Azərbaycan Premyer Liqasının 1-ci turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. Riçard “50”yə Premyer Liqada keçirdiyi 268-ci matçda çatıb. Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.

2012/2013 mövsümündən Premyer Liqada çıxış edən Almeyda ilk qolunu da həmin çempionatda imza atıb. Yalnız “Qarabağ”ın heyətində rəqib qapısına yol tapan yarımmüdafiəçi “Zirə”nin də formasını geyinib.

Xatırladaq ki, Riçard Almeyda daha öncə 2012-2019-cu illərdə “köhlən atlar”ın şərəfini qoruyub. O, 2018/19 mövsümündə qısa müddət Qazaxıstanın “Astana” klubunda çıxış etsə də, yenidən Ağdam klubuna qayıdıb. 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubuna transfer olunan yarımmüdafiəçi elə həmin il Azərbaycana qayıdaraq “Zirə” ilə müqavilə bağlamışdı. 2021-ci ilin avqustunda “Zirə”dən ayrılan Almeyda yenidən “Qarabağ”la müqavilə bağlamışdı.

Riçard Almeyda “Qarabağ”la 10 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Yarımmüdafiəçi bu müddətdə Ağdam klubunda bütövlükdə 352 oyuna çıxıb. O, bu görüşlərdə 62 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycan millisində də çıxış etmiş futbolçu, karyerası ərzində “Santo Andre” və “Jil Visente” kimi klublarda da çıxış edib. Riçard milli komandamızda 31 oyun keçirib, 3 qol vurub. O, 2023-cü ilin yayında Azərbaycan yığmasındakı karyerasını başa vurduğunu açıqlamışdı.