Bir neçə gün öncə Azərbaycan millisindəki karyerasını bitirdiyini elan edən Riçard Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurub.
Arena.az xəbər verir ki, Braziliya əsilli yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 35-ci turunda fərqlənib. O, “Sumqayıt”la ev görüşündə (1:2) rəqib qapısına yol tapıb.
Riçard Ağdam klubunun heyətində Azərbaycan çempionatında 47, avrokuboklarda 8, ölkə kubokunda 5 qola imza atıb.
Almeyda “Qarabağ”ın heyətində 2012/13 mövsümündə debüt edib. O, ilk qolu da “Sumqayıt”ın qapısından keçirib. Yarımmüdafiəçi 2012-ci il avqustun 12-də səfərdəki qarşılaşmada (6:1) fərqlənib.
Riçard Almeyda Azərbaycana 2012-ci ildə gəlib. O, “Qarabağ”da indiyə qədər 326 oyun keçirib. Təcrübəli futbolçu bu oyunlarda 60 qol vurmaqla yanaşı, 13 məhsuldar ötürmə müəllifi də olub. Yarımmüdafiəçi bir müddət “Zirə”nin də formasını geyinib – 23 oyun, 2 məhsuldar ötürmə. O, karyerası ərzində “Jil Visente”, “Astana”, “Baniyas” və “Santo Andre” kimi klubların da uğurları üçün çalışıb.
Yeri gəlmişkən, “Qarabağ” Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ilk ev məğlubiyyətini alıb. 35-ci turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri öz meydanındakı 17-ci matçda xalsız qalıb. Əvvəlki 16 görüşdə ağdamlılar 12 qələbə qazanıb və 4 heç-heçə edib.
2021/2022 mövsümünün 14 ev qarşılaşmasında da uduzmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il fevralın 13-də ev məğlubiyyəti alıb. Həmin gün “Neftçi”yə 1:2 hesabı ilə yenilən bölgə təmsilçisi ardıcıl 36 ev qarşılaşmasından xalla ayrılmağı bacarıb.
Öz meydanında 828 gündən sonra məğlub olan Ağdam klubu bu müddətdə 29 qələbə qazanıb, 7 heç-heçə edib. Evdəki 36 oyunluq məğlubiyyətsizlik seriyası “Qarabağ”ın tarixində rekorddur.
Xatırladaq ki, Azərbaycan çempionatları tarixinin rekordu “Neftçi”yə məxsusdur. Bakılılar ardıcıl 57 ev matçında uduzmayıb.