“Mançester Yunayted”in sabiq mərkəz müdafiəçisi Rio Ferdinand tarixin ən yaxşı idmançıları ilə bağlı sualı cavablandırıb.
Arena.az məlumat verir ki, ötənlərin məşhur futbolçusu bu suala maraqlı cavabı ilə təəccübləndirib.
Belə ki, sabiq futbolçu tarixin ən yaxşı idmançıları ilə bağlı siyahısına bir futbolçunu belə, daxil etməyib:
“Məhəmməd Əli, Mayk Tayson, Maykl Cordan, Rocer Federer”, deyə Ferdinand qısaca bildirib.
Xatırladaq ki, Ferdinand peşəkar futbolçu karyerasına 2015-ci ilin iyulunda xitam verib.
Müdafiəçi karyerası ərzində “Vest Hem”, “Bornmut”, “Lids”, “Mançester Yunayted” və KPR komandalarında çıxış edib. Ferdinanadın futbolda uğurları və püxtələşərək məşhurlaşması “Mançester Yunayted”in adı ilə bağlıdır. “Qırmızı şeytanlar” 2002-ci ilin iyulunda Rio Ferdinandın transferi üçün “Lids”ə 46 milyon avro ödəyiblər. Müdafiəçi İngiltərə nəhənginin heyətində 12 il keçirib.
Bu müddətdə Ferdinand “qırmızı şeytanlar”la 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə İngiltərə Liqa Kubokunun, 4 dəfə İngiltərə Super Kubokunun və hər biri bir dəfə olmaqla UEFA Çempionlar Liqasının və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Rio Ferdinand 1997-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 81 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
Hazırda keçmiş müdafiəçi futbol mütəxəssisi və şərhçi kimi çalışır.