Ris Nelson “Fulhem”lə, Villian “Qarabağ”ın rəqibi ilə anlaşdı

İngiltərənin “Arsenal” klubunun sağ vingeri Ris Nelson icarə müqaviləsi əsasında Premyer Liqanın digər təmsilçisi “Fulhem”ə keçib.

Arena.az bu barədə “Fulhem”in rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub 24 yaşlı ingiltərəli futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti olmadan icarəyə götürüb. Oyunçu 2025-ci ilin 30 iyunundan sonra “topçular”ın düşərgəsinə qayıtmalıdır.

Ris Nelson “Arsenal”ın yetirməsidir. O, London təmsilçisinin əsas komandasında 90 oyuna çıxıb, 8 qol və 9 assistlə yada qalıb. Nelson daha öncə “Hoffenhaym” və “Feyenoord” kimi klublarda da icarədə olub. İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Risə əsas millidə ehtiyac duyulmayıb.

“Fulhem”də 4 ayrılıq

“Fulhem” bir neçə futbolçusu ilə də yollarını ayırıb. İngilis hücumçu Cey Stensfild 17,8 milyon avro müqabilində “Birmingem Siti”yə satılıb. 22 yaşlı forvard yeni klubu ilə 7 illik müqaviləyə imza atıb.

Cey Stensfild peşəkar karyerasına başladığı “Fulhem”də cəmi 10 oyuna çıxıb, 2 qol vurub. O, ötən mösümü icarə əsasında “Birmingem Siti”də keçirib. Ondan əvvəl isə hücumçu “Ekseter Siti”də də icarədə olub. Stensfild İngiltərənin U-18, U-20 və U-21 yığmalarında da oynayıb.

Sağ cinah müdafiəçisi Kevin Mbabu “Fulhem”i “Midtyulland”a dəyişib. 29 yaşlı futbolçu azad agent kimi keçdiyi Danimarka klubu ilə 2 illik müqavilə bağlayıb. O, 2022-ci ilin yayında 5,5 milyon avro qarşılığında üz tutduğu “Fulhem”də cəmi 7 matç keçirib, 1 assistlə yadda qalıb. “Yanq Bpyz”, “Volfsburq”, “Servett”, “Auqsburq”, “Nyukasl” kimi klublarda da forma geyinmiş Mbabu, İsveçrə yığmasında 24 oyun keçirib.

Mərkəz müdafiəçisi İbane Bovat “Portsmut”a keçib. 21 yaşlı şotland futbolçunun transferi ilə bağlı detallar açıqlanmır. O, yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb. “Fulhem”in əsas komandasında heç bir oyun keçirməmiş gənc müdafiəçi “Hartberq”, “Den Boş” kimi klublarda icarədə olub. O, Şotlandiyanın U-21 yığmasına da dəvət alır.

“Fulhem”in digər mərkəz müdafiəçisi Terens Konqolo Niderlandın “NAK Breda” klubuna keçib. Niderland yığmasının üzvü yeni klubu ilə azad agent statusunda 2 illik müqavilə bağlayıb. 2020-ci ilin yanvarından “Fulhem”də olan Konqolo bu komandada cəmi 4 oyun keçirib. O, “Feyenoord”, “Haddersfild”, “Havr”, “Rapid” (Vyana), “Monako” kimi klublarda da forma geyinib, Niderland yığmasında 4 oyun keçirib.

Villian da “Olimpiakos”a keçdi

“Fulhem”in braziliyalı futbolçusu Villian da azad agent kimi Avropa Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos”a keçib. 36 yaşlı futbolçu Yunanıstan klubu ilə 1 illik müqaviləyə imza atıb.

Villian “Fulhem”ə 2022-ci ilin sentyabr ayında azad agent kimi qoşulmuşdu. O, bu komandanın heyətində 67 oyuna çıxıb. O, bu oyunlarda 10 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.

Villian Borxes da Silva peşəkar karyerasına yetirməsi olduğu “Korintians”da başlayıb. 2007-ci ildə Avropaya üz tutan yarımmüdafiəçi Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna keçib. 2013-cü ilə qısa müddət Rusiya “Anji”sində çıxış etmiş futbolçu elə həmin il İngiltərə nəhəngi “Çelsi”də oynamağa başlayıb. 2020-ci ilə qədər London klubunun uğurları üçün çalışmış Villian, 2020/2021 mövsümünü də İngiltərənin digər klubu “Arsenal”da keçirib. 2021-ci ilin yayında “Arsenal”dan ayrılan Villian yetirməsi olduğu “Korintians”a qayıtsa da, bir il sonra yenidən Braziliyanı tərk edib və İngiltərəyə qayıdıb.

Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi 2011-ci ildə millidə debüt edib. O, yığma komandada 70 oyun keçirib, 9 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: