Braziliyalı veteran futbolçu Rivaldo, “Real”ın ulduz hücumçusu Vinisius Juniorun “el klasiko”da çıxardığı hoqqaya münasibətini bildirib.
Arena.az xəbər verir ki, söhbət, “Vini”nin, əvəzlənməsi müqabilində buna aşkar narazılıqla çılğıncasına münasibət götərməsindən gedir.
“Onun qarşılığı düzgün deyildi”, deyə Rivaldo vurğulayıb.
Əfsanəvi futbolçu “Real”a və “qaymaqlılar”ın ispan baş məşqçisi Xabi Alonsoya, Vinisiusa dəyər verməyi də tövsiyə edib:
“Vinisius hazırda dünyanın ən yaxşı oyunçusudur. Klub və məşqçi bunu qiymətləndirməlidirlər”.
Xatırladaq ki, Vinisius Madrid klubunu tərk etmək istəyini bildirib. O, əvəzləndikdən sonra bu barədə bəyan edib. Vurğulanır ki, “Vini” meydanı tərk edərkən “Komandadan gedəcəyəm… Gedəcəyəm, getsəm yaxşıdır…”, deyə vurğulayıb.
İspaniya mətbuatında yer almış məlumatlarda o da vurğulanır ki, Vinisius “Real”dan ayrılarsa, seçimləri çox olacaq. Təkcə İngiltərə Premyer Liqasından nəhənglər – “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” “Vini”yə maraq göstərirlər. Avropanın digər aparıcı klubları və eləcə də Səudiyyə Ərəbistanının nəhənglərinin müvafiq məsələdə maraqlı olacaqları da bir gerçəkdir.



