Türkiyə Super Liqasında mübarizə aparan “Rizəspor” klubunun sol cinah vingeri Benhur Keser uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə Rizə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 27 yaşlı futbolçu Türkiyə Super Liqasının 26-cı turunda baş tutan “Fənərbaxça” ilə ev oyununda ağır zədə alıb.
Start heyətdə meydana çıxmış futbolçu elə ilk yarıda aldığı zədə səbəbindən 28-ci dəqiqədə əvəzlənmişdi. Artıq türkiyəli futbolçu ətraflı tibbi müayinələrdən keçirilib. Onun əməliyyat olunmasına ehtiyac duyulub. Əməliyyat səbəbindən Benhur təxminən 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu isə cari mövsümün Keser üçün başa çatması anlamına gəlir.
“Rizəspor” “Fənərbaxça” ilə oyundan bir gün əvvəl məşqdə zədələnən Gökhan Akkannın da durumuna aydınlıq gətirib. 29 yaşlı qapıçının hələ də ağrılarının olduğu və həkimlərin nəzarətində müalicə aldığı diqqətə çatdırılıb. Tibbi heyət hazırda onun “Samsunspor”a qarşı keçiriləcək növbəti oyunda sıraya dönməsi üçün çalışır.
Qeyd edək ki, “Fənərbaxça” Rizədəki oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
Xatırladaq ki, Benhur Keser bu mövsüm Rizə təmsilçisinin heyətində 25 oyuna çıxıb, 4 qol və 3 assistlə yadda qalıb. Gökhan Akkan isə 24 oyun keçirib, 32 qol buraxıb, 9 matçda qapısının toxunulmazlığını təmin edə bilib.
Son turlarda qələbəyə həsrət qalmalarına baxmayaraq, rizəlilər ümumilikdə Super Liqada uğurlu mövsüm keçirirlər. Belə ki, bu komanda 26 oyuna topladığı 36 xalla 6-cı pillədə qərarlaşıb. Amma son 4 turda bu kollektiv 3 məğlubiyyət görüb, cəmi 1 heç-heçə ilə kifayətlənib.
Bahar Rüstəmzadə