Türkiyəli futbol mütəxəssisi Rıza Çalımbay Azərbaycan milli komandasını çalışdıracağına dair xəbərlərə münasibətini açıqlayıb.
Arena.az xəbər verir ki, o, bu barədə “Sabah” qəzetinə açıqlama verib.
61 yaşlı mütəxəssis ölkəmizdə çalışmağa müsbət yanaşdığını gizlətməyib:
“Azərbaycan milli komandasından rəsmi bir təklif gəlməyib. Ancaq baş məşqçi vəzifəsi üçün adımın hallandığını eşidirəm. Bir-iki gün içində məni arayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan milli komandasında çalışmağa müsbət baxaram”.
Xatırladaq ki, Rıza Çalımbayın sonuncu iş yeri “Beşiktaş” olub. Təcrübəli mütəxəssis 2023-cü ilin dekabr ayında İstanbul klubundan ayrılandan bəri işsizdir.
Rıza Çalımbay vaxtilə “Beşiktaş”da köməkçi məşqçi kimi də çalışıb. Daha sonra o, “Göztəpə”, “Dənizlispor”, “Ankaragücü”, “Rizəspor”, “Ankaraspor”, “Əskişəhərspor”, “Mersin İdmanyurdu”, “Kasımpaşa”, “Antalyaspor”, “Trabzonspor”, “Konyaspor” və “Sivasspor” kimi komandalara rəhbərlik edib. Çalımbay 2021/2022 mövsümündə “Sivasspor”la Türkiyə Kubokunun qalibi olub.
Qeyd edək ki, Azərbaycan millisi ötən ilin sonunda Canni De Byazi ilə yollar ayrılandan bəri baş məşqçisizdir. Komandamıza hazırda müvəqqəti olaraq Arif Əsədov rəhbərlik edir. Millimizi Monqolustanla oyuna (1:0) da məhz Əsədov çıxarmışdı. Qarşıdakı Bolqarıstanla görüşdə də baş məşqçi vəzifəsini Arif Əsədov yerinə yetirəcək.
Millimizin yeni baş məşqçisinin isə qarşıdakı AFFA prezidentliyinə seçkilərdən sonra müəyyənləşməsi gözlənilir. AFFA-nın növbəti Hesabat-Seçki Konfransı aprelin 2-də baş tutacaq. Artıq ölkənin ali futbol qurumunda Rövnəq Abdullayevi Rövşən Nəcəfin əvəz edəcəyi məlumdur. Yeni rəhbərliyin millimizin baş məşqçi postuna kimi gətirəcəyi isə hələ məlum deyil.
Bahar Rüstəmzadə