“Beşiktaş”la yollarını ayıran baş məşqçi Rıza Çalımbay bu klubla müqaviləyə xitam verilməsinin pərdə arxasında baş verənləri açıqlayıb.
Arena.az xəbər verir ki, Türkiyə Super Liqasının 17-ci turunda “Alanyaspor”la ev oyununda 1:3 hesabıyla məğlub olan İstanbul klubu dərhal baş məşqçi ilə yollarını ayırmışdı.
Bu hadisədən sonra Çalımbay, Türkiyə İdman Yazarları Dərnəyində mətbuat konfransı keçirdib. O, bu klubda çalışdığı 1,5 aylıq müddətdə baş verənlərdən danışıb.
Samet Aybaba və Feyyaz Uçara güvənərək daha 2 matçlıq müqavilə imzaladığını deyən Çalımbay, onlardan incikliyini gizlətməyib:
“Ahmet Nur Çəbi mənə “Sənə ehtiyacımız var” dedi. “Beşiktaş”ın mənə ehtiyacı olsa, hər cür yolla gələrəm. Mən pul-filan danışmadım və vəzifəmə başladım. Sonuncu dəfə ayın 27-də müqavilənin bitəcəyi deyilmişdi. Orada məni kədərləndirən məqamlardan biri də qəzetlərdə çıxan xəbərlərdə “Çalımbay bizim məşqçimizdir” ifadəsinin yer almaması oldu. Mən Hasan Aratla heç vaxt görüşməmişəm. Kədərləndiyim məqamlardan biri də bu idi. Son iki matç qaldığından müqaviləmi daha iki oyuna uzatmaq istədilər. Mən iki oyunluq məşqçi deyiləm. Mən çox yaxşı məşqçiyəm. Sadəcə, “Beşiktaş” olduğu üçün məsuliyyəti öz üzərimə götürdüm. Seçdiyimiz komanda aydın idi. Təbii ki, bununla məşğul olduq. Samet qardaşla, Feyyazla danışdıq. Məndən müqaviləmi daha iki matça uzatmağımı istədilər. “Sizə güvənirəm” dedim və imzaladım.
Qarşılaşma dünən axşam başa çatıb. Mən bazada idim. Samet qardaşla Feyyaz “gələcəyik” dedilər, gəlmədilər. Üç idarəçi gəldi. Dedilər ki, bu axşam bitirək. “Gecə saat 1-də heç nə etməyəcəyəm, sabah mətbuat konfransı keçirib, ayrılıq qərarını açıqlayacağam”, dedim. Ayrılığı yazdılar. Mən onların dediklərini etməmişəm, indi öz istəyimlə öz qərarımı elan edirəm”.
Çalımbay Günokdan üzr istədi
Rıza Çalımbay əfsanəsi olduğu bu kluba qısa müddətlik də olsa, qayıtmasından peşman olmadığını dilə gətirib:
“Peşman deyiləm. Yenə “gəl” desələr, gələrəm. Amma belə rəftar edərlərsə, getmərəm. Bunlar baş verməli deyildi. Mövsümün əvvəlində gəlsəydim, çox fərqli olardı. Mövsüm düşərgəsinin başlanğıcı çox vacibdir. Biz vəzifəyə gələndə ən azı 10 zədəli futbolçu var idi. Baş məşqçi Şenol Günəş futbolçularını günahlandıracaq biri deyil, biz də elə deyilik. Biz vəzifəyə təyin olunduqdan sonra futbolçulara çox da sərt davrana bilmədik. “Brügge” matçını ümumiyyətlə oynamaq istəmirdik. Oynamağa müdafiəçi tapa bilmədik. Cekson Muleka cinah oyunçusu olmasa belə, məcburiyyətdən onu oynatmalı idik. “Brügge” və “Fənərbaxça” matçları bizim üçün yaxşı olmadı. Futbolçu yoldaşlarımıza qarşı kimsənin sərt danışmasına icazə vermirəm. Nə olursa olsun, onlarla böyük təcrübələrimiz oldu. Mən hər şeydən razı qaldım.
“Beşiktaş”ın artıq sabiq baş məşqçisi qapıçı Mert Günokdan üzr istəməyi də unutmayıb: “Mert haqqında yanlış fikirlər söylədim. Matçdan sonra bir az əsəbiləşdim. O, bizim çox xarakterli dostumuzdur. Ondan üzr istəyirəm. Bu qısa müddətli məşqçilik dövrümdə mənə verdikləri dəstəyə görə azarkeşlərimizə təşəkkür edirəm. Nə olursa olsun, futbolçu dostlarıma da minnətdarlığımı bildirirəm”.
Nihad Əsədov


