Rıza Çalımbay millimizdən rəsmi təklif gözləyir

Daha əvvəl Azərbaycan millisi ilə bağlı iddiaları təsdiq edən türkiyəli mütəxəssis Rıza Çalımbay ona başqa təkliflərin olduğunu da bildirib.

Arena.az xəbər verir ki, 61 yaşlı mütəxəssis bu barədə “NTV Spor”a müsahibəsində bildirib.

Azərbaycan milli komandası ilə bağlı suala cavab verən Çalımbay, ölkəmizdən hələ rəsmi təklif gəlmədiyini bildirib: “Məni Azərbaycan yığmasına təklif ediblər. Mən də “görüşə bilərik” dedim. Orada federasiya prezidentliyinə seçkilər olacaq. Bu səbəbdən hələlik görüş baş tutmayıb”.

Türkiyə Super Liqasında mübarizə aparan klublardan da təkliflər aldığını bildirən Çalımbay, onlara müsbət cavab vermədiyini açıqlayıb: “Super Liqadan da təkliflər oldu, amma anam və qardaşımın xəstəliyi səbəbindən onları cavablandırmaq imkanım olmadı”.

Çalımbay ən ciddi təklifi İranın “Persepolis” klubundan aldığını bildirib. Lakin o, bu komandanı çalışdırmaqdan imtina etdiyini bəyan edib.

Xatırladaq ki, Rıza Çalımbayın sonuncu iş yeri “Beşiktaş” olub. Təcrübəli mütəxəssis 2023-cü ilin dekabr ayında İstanbul klubundan ayrılandan bəri işsizdir.

Rıza Çalımbay vaxtilə “Beşiktaş”da köməkçi məşqçi kimi də çalışıb. Daha sonra o, “Göztəpə”, “Dənizlispor”, “Ankaragücü”, “Rizəspor”, “Ankaraspor”, “Əskişəhərspor”, “Mersin İdmanyurdu”, “Kasımpaşa”, “Antalyaspor”, “Trabzonspor”, “Konyaspor” və “Sivasspor” kimi komandalara rəhbərlik edib. Çalımbay 2021/2022 mövsümündə “Sivasspor”la Türkiyə Kubokunun qalibi olub.

Qeyd edək ki, Azərbaycan millisi ötən ilin sonunda Canni De Byazi ilə yollar ayrılandan bəri baş məşqçisizdir. Komandamıza hazırda müvəqqəti olaraq Arif Əsədov rəhbərlik edir. Millimizi Monqolustanla oyuna (1:0) da məhz Əsədov çıxarmışdı. Qarşıdakı Bolqarıstanla görüşdə də baş məşqçi vəzifəsini Arif Əsədov yerinə yetirəcək.

Millimizin yeni baş məşqçisinin isə qarşıdakı AFFA prezidentliyinə seçkilərdən sonra müəyyənləşməsi gözlənilir. AFFA-nın növbəti Hesabat-Seçki Konfransı aprelin 2-də baş tutacaq. Artıq ölkənin ali futbol qurumunda Rövnəq Abdullayevi Rövşən Nəcəfin əvəz edəcəyi məlumdur. Yeni rəhbərliyin millimizin baş məşqçi postuna kimi gətirəcəyi isə hələ məlum deyil.

Bahar Rüstəmzadə