Türkiyənin “Sivasspor” komandasının baş məşqçisi Rıza Çalımbay Super Liqa təmsilçisindəki postundan ayrılmağa qərar verib. Arena.az xəbər verir ki, o, bu barədə Super Liqanın 2022/2023 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində baş tutan “Kayserispor”la ev oyunundan (1:1) sonrakı mətbuat konfransında məlumat verib.
60 yaşlı mütəxəssin klubla müqaviləsinin müddəti başa çatıb. O, yeni mövsümdə komandada qalmaq istəmədiyi üçün mövsüm bitən kimi klubla vidalaşmağa qərar verib. Artıq Sivas klubu da rəsmi saytı vasitəsilə açıqlama yayaraq Çalımbaya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Rıza Çalımbay 2019-cu ilin iyun ayından “Sivasspor”a rəhbərlik edirdi. Sivas təmsilçisi bu müddət ərzində onun rəhbərliyi altında 186 matça çıxıb. Bu görüşlərdə 77 qələbə qazanan sivaslılar, 51 heç-heçəyə razılaşıblar, 58 dəfə məğlubiyyətə üzülüblər.
Çalımbay 2010-2013-cü illər aralığında da “Sivasspor”a rəhbərlik edib. Həmin dövrdə də bu komanda onun rəhbərliyi altında 108 oyuna çıxıb, 41 qələbə, 27 heç-heçə və 40 məğlubiyyətlə yadda qalıb.
“Sivasspor” Çalımbayın rəhbərliyi altında tarixində ilk dəfə Türkiyə Kubokunun qalibi olub. Bu, elə təcrübəli mütəxəssisin də ilk uğuru kimi tarixə düşüb.
Çalımbay karyerası ərzində “Göztəpə”, “Dənizlispor”, “Ankaragücü”, “Rizəspor”, “Beşiktaş”, “Ankaraspor”, “Əskişəhərspor”, “Mersin İdmanyurdu”, “Kasımpaşa”, “Antalyaspor”, “Trabzonspor” və “Konyaspor”a da rəhbərlik edib.