Rober Pires: “Bukayo Sakanın sabitliyi və təcrübəsi çatışmır”

“Arsenal”ın fransalı keçmiş vingeri Rober Pires “topçular”ın ingiltərəli cinah hücumçusu Bukayo Saka haqda fikrini bildirib.

Arena.az Piresin bu barədə fikrini təqdim edir:

“Bukayonun hələ də müəyyən sabitliyi və təcrübəsi çatışmır, xüsusən də çox böyük oyunlarda. Ola bilsin ki, bu mövsüm, xüsusilə Çempionlar Liqasında bir il əvvəlkindən daha inandırıcı görünəcək.

Məsələn, mənim fikrimcə, “Mançester Siti”dən Jeremi Doku daha yaxşıdır, çünki o, texniki cəhətdən daha güclüdür, topa daha yaxşı nəzarət edir və daha çox yaradıcılığa malikdir”, deyə Rober Pires bildirib.

Xatırladaq ki, Bukayo Saka “Arsenal”ın öz yetirməsidir. O, indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

2024/2025 mövsümündə Saka “topçular”ın heyətində 3 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

23 yaşlı vinger “Arsenal”ın əsas komandasının heyətində bütövlükdə 229 oyuna çıxıb. O, bu görüşlərdə 59 qola imza atıb, 56 məhsuldar ötürmə müəllifi olub.

Sakanın “Arsenal”la mövcud müqaviləsi 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 42 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Bukayo Sakanı 140 milyon avro məbləğində qiymətləndirir.