Robert Levandovski “Barselona” ilə müqavilə bağladı

Futbol üzrə Polşa milli komandasının hücumçusu Robert Levandovski İspaniyanın “Barselona” klubu ilə müqavilə bağlayıb. Arena.az xəbər verir ki, Almaniyanın “Bayern” klubundan transfer olunmuş 33 yaşlı futbolçunun transferi ötən gün tamamlanıb.

Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli hücumçu tibbi müayinələrdən uğurla keçdikdən sonra 4 illik müqaviləyə imza atıb.

“Barselona” Levandovskinin transferi üçün “Bayern”ə 45 milyon avro ödəyəcəyini açıqlayıb. Müqavilədə əlavə 5 milyonluq bonuslar da nəzərdə tutulub. Kataloniya klubu yeni transferinə qiymət də qoyub. Polşalı hücumçunu heyətində görmək istəyən bunun üçün “Barsa”ya 500 milyon avro ödəməlidir.

Xatırladaq ki, Robert Levandovski 2014-cü ilin yanvarından “Bayern”də çıxış edirdi. Polşalı hücumçu bu komandanın heyətində meydana çıxdığı 375 matçda 344 qola imza atıb, 72 məhsuldar ötürmə edib.

Levandovski “Bayern”lə 8 dəfə Bundesliqanın, 5 dəfə Almaniya Super Kubokunun, 3 dəfə Almaniya Kubokunun, bir dəfə UEFA Çempionlar Liqasının, bir dəfə UEFA Super Kubokunun və bir dəfə də FIFA Klublararası Dünya Çempionatının qalibi olub.

Polşalı futbolçu daha öncə “Borussiya” (Dortmund), “Lex”, “Zniç”, “Delta” və “Legiya-2” komandalarında da forma geyinib. Polşa yığmasında 132 oyun keçirmiş futbolçu, 76 qol vurub.