Robert Levandovski də sıradan çıxdı

La Liqanın 13-cü turunun “Real Sosyedad”a qarşı səfər oyunu “Barselona”nın mərkəz hücumçusu Robert Levandovski üçün uğursuz olub.

Arena.az Polşa yığmasının mətbuat xidmətinə istinadən məlumat verir ki, Levandovski sözügedən oyunda zədələnərək sıradan çıxıb.

Polşalı futbolçu 0:1 hesabıyla uduzduqları matçda bel zədəsi alıb. O, bu səbəbdən Polşa yığmasının beynəlxalq fasilə müddətində UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunlarda, milli komandaya kömək edə bilməyəcək.

İlkin təxminlərə görə, veteran futbolçu 10 gün müddətində yumru topa və yaşıl meydana həsrət qalacaq.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 17 oyuna çıxıb, 19 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 112 oyun, 78 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: