Robert Levandovski karyerasını nə vaxt bitirəcəyini açıqladı

“Barselona”nın və Polşa yığmasının hücumçusu Robert Levandovski peşəkar karyerasını nə vaxt bitirməyi planlaşdırdığını açıqlayıb.

Arena.az nüfuzlu “Forbes” nəşrinə istinadən məlumat verir ki, polyak ulduz yaşını nəzərə alaraq 2-3 il ərzində çıxışını bitirəcəyini bəyan edib.

O, bunun üçün ilk siqnalın yuxudan oyanıb məşqlərə getmək istəmədiyini hiss etməsi olacağını bildirib:

“Hələ ki, hər səhər heç bir ağrı hiss etmədən yuxudan oyanıram. Ümidvaram ki, belə davam edəcək. Uzağı iki-üç ilə…”, deyə Levandovski “sonunu” təxmin edib.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 17 oyuna çıxıb, 19 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 112 oyun, 78 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.