“Barselona”nın hücumçusu Robert Levandovski İspaniya La Liqasında fevral ayının ən yaxşı futbolçusu elan edilib.
Arena.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
Polşalı hücumçu fevral ayında səfərdə “Alaves”ə 3:1 hesabıyla qalib gəldikləri matçda 1 qol vurub. “Selta” üzərindəki səfər qələbəsində də Robert dublla töhfəsini verib. “Qranada” ilə məhsuldar heç-heçədə də polşalı futbolçu 1 qolla yadda qalmışdı. “Xetafe” ilə oyundakı 4:0 hesablı qələbədə Levandovski qol müəllifi ola bilməsə də, əla futbol sərgiləmişdi. Bir sözlə, o, ötən ay 4 oyuna 5 qol vurmaqla La Liqada fevralın ən yaxşı futbolçusu seçilib.
Xatırladaq ki, Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 39 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub. Onun Kataloniya klubundakı karyerası bütövlükdə 85 oyun, 53 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 146 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.