Robert Levandovski Lionel Messinin nailiyyətini üstələdi

UEFA Çempionlar Liqasının 1/8 finalında “Napoli”yə qarşı ilk oyun “Barselona”nın hücumçusu Robert Levandovski üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, İspaniya çempionunun İtaliya təmsilçisi ilə səfərdə baş tutan ilk qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

“Opta Sport” statistik internet-portalının məlumatına görə, Levandovski bu oyunda “Napoli”nin qapısına yol tapmaqla, “Barselona”nın heyətində UEFA Çempionlar Liqasının pley-off mərhələrində qol vurmuş ən yaşlı futbolçu olub. Oyunun keçirildiyi 21 fevral tarixində Levandovski 35 yaş 184 günlüyündə olub. Bununla da polyak mərkəz hücumçusu vurduğu qolla “blauqrana”nın rekordunu müəyyənləşdirib.

Həmçinin Levandovski “Barselona”nın əfsanəsi Lionel Messinin nailiyyətini üstələyib. Argentinalı ulduz 2021-ci ilin martında 33 yaş 259 günlüyündə PSJ-nin qapısına yol tapmışdı.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 34 oyunda 18 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 146 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.