Robert Levandovski Polşa yığmasını tənqid etdi

Polşa yığmasının hücumçusu Robert Levandovski milli komandanı Portuqaliya yığmasına qarşı keçirdiyi oyun müqabilində tənqid edib.

Arena.az xatırladır ki, UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunun 3-cü tur oyununda Polşa yığması evdə Portuqaliya yığmasına 1:3 hesabı ilə məğlub olub.

“Mən yarımmüdafiəçi deyiləm və mənim işim müdafiə xəttinə enərək, topu öz yarımda qəbul etmək deyil. Bəlkə məşqdə bunu edə bilərəm.

Oyun zamanı mən cərimə meydançasına yaxınlaşmalıyam ki, orada ötürmə və ya ötürmələri gözləyəm. Bu, təkcə Portuqaliya yığması ilə oyunda deyil, təkmilləşdirməli və ya dəyişdirməli olduğumuz bir xüsusdur. Ümumiyyətlə, biz rəqibin cərimə meydançasına yaxın ərazidə topa mütəmadi surətdə sahib olmuruq. Hücumçunun rolu orada nəyisə anlamağa, fikrləşib-tapmağa çalışmaqdır”, – “Mundo Deportivo” nəşri Levandovskidən sitat gətirir.

3 turdan sonra Portuqaliya yığması UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunun 9 xalla lideridir. Xorvatiya yığması 6 xalla 2-ci, Polşa yığması isə 3 xalla 3-cü pillədə yer alıb. Xalsız Şotlandiya yığması isə 4-cü pillədə qrup sonuncusudur.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində Almaniya nəhəngi “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 11 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 106 oyun, 71 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 155 oyun keçirib, 84 qol vurub, 34 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: